ABŞ-nin Missisipi ştatında altı nəfərin olduğu yüngülmühərrikli təyyarə Meksika körfəzinin sularına düşüb. Göyərtədə olan dörd böyük və iki uşaq itkin düşmüş hesab olunur.
Denmedia.az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) nümayəndəsi məlumat verib.
Bildirilib ki, “Cessna 210” tipli təyyarə noyabrın 24-də yerli vaxtla saat 15:30 radələrində Missisipi ştatının Paskaqula şəhərinin cənub-qərbində qəzaya uğrayıb.
Amerika mediasının məlumatına görə, təyyarə Yeni Orleandan Floridanın Fort-Mayers şəhərinə uçuş həyata keçirirmiş.
Təyyarədə dörd böyük və 8–10 yaşlarında iki oğlan uşağı olub. Onların hamısı itkin düşmüş hesab edilir.
İlkin məlumatlara əsasən, təyyarə qəzadan əvvəl qəfil və sürətlə hündürlük itirməyə başlayıb, daha sonra suya düşüb.
Hadisə yerində axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

