Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində xidməti-döyüş fəaliyyətinin təşkili və hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olub.
Müdafiə Nazirliyindən bildirilib ki, nümayəndələr döyüş mövqelərinə baş çəkib, xidmət aparan hərbi qulluqçularla söhbət edib, onların problem və ehtiyacları ilə maraqlanıblar.
Qeyd olunub ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində hərbi hissələrdə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri infrastruktur yaradılıb, bölmələrin yüksək döyüş hazırlığının qorunması və döyüş növbətçiliyinin fasiləsiz, təhlükəsiz təşkili üçün tədbirlər görülüb.
Nazirliyin məlumatına görə, döyüş mövqelərində artilleriya zərbələri və pilotsuz uçuş aparatları təhlükəsinə davamlı mühəndis-istehkam qurğuları hazırlanıb.
Daha sonra rəhbər heyət təlim poliqonuna baxış keçirib. Bildirilib ki, burada yaradılan şərait döyüş hazırlığı planlarına uyğun məşğələ və təlimlərin real döyüş şəraitinə maksimum yaxın formada keçirilməsinə imkan verir.
Səfərin sonunda müdafiə naziri, general-polkovnik Zakir Həsənov aidiyyəti vəzifəli şəxslərə hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, döyüş hazırlığı məşğələlərinin intensivliyinin artırılması, silah və hərbi texnikadan səmərəli istifadə bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar verib.

