Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbçilərlə görüşüb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı hərbçilərin qayğı və təminat məsələləri ilə maraqlanılıb, həmçinin hərbi hissədə yaradılan sosial-məişət şəraiti ilə tanış olunub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənova məruzə olunub ki, hərbi hissədə şəxsi heyətin xidmət-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və peşəkarlığının artırılması üçün müasir standartlara uyğun bütün şərait yaradılıb.
Nazir çıxışında hərbçilərin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsinin onların bilik və bacarıqlarının inkişafına töhfə verdiyini vurğulayıb. Qeyd olunub ki, hərbçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələləri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzindədir.
Sonda Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissənin təlim şəhərciyində keçirilən məşqləri izləyib, həmçinin artilleriya vasitələrinin vəziyyəti və istismarı ilə maraqlanıb.






