Avstraliya millisi futbol üzrə dünya çempionatının qrup mərhələsində Türkiyə yığmasını 2:0 hesabı ilə məğlub edib.
Qarşılaşma Kanadanın Vankuver şəhərində keçirilib. Oyunda hesab 27-ci dəqiqədə açılıb. Avstraliya millisinin futbolçusu Nestori İrankunda komandasını önə keçirib. 75-ci dəqiqədə isə Konnor Metkalf fərqi iki topa çatdırıb.
Matçın yekun nəticəsinə baxmayaraq, oyun baxımından Türkiyə millisi daha üstün təsir bağışlayıb. Türkiyə futbolçuları rəqib qapısına 30 zərbə endirib, avstraliyalılar isə cəmi 9 zərbə ilə yadda qalıblar.
Topa nəzarətdə də Türkiyə böyük üstünlüyə malik olub. Türkiyə millisi oyun vaxtının 72 faizində topa sahib olub, Avstraliyanın göstəricisi isə 28 faiz təşkil edib.
Qeyd edək ki, D qrupunda Avstraliya və Türkiyə ilə yanaşı, Paraqvay və ABŞ millisi də mübarizə aparır. ABŞ yığması ilk turda Paraqvayı 4:1 hesabı ilə məğlub edib.
Növbəti turda Avstraliya 19 iyunda ABŞ millisi ilə qarşılaşacaq. Türkiyə isə 20 iyuna keçən gecə Paraqvayla üz-üzə gələcək.
Hazırkı dünya çempionatı genişləndirilmiş formatda keçirilən ilk mundialdır. Turnirdə 48 milli komanda iştirak edir. Komandalar 12 qrupa bölünüb və ümumilikdə 104 oyun keçiriləcək.
Matçların əsas hissəsi ABŞ-da baş tutacaq. Bu ölkədə mundial üçün 11 stadion ayrılıb. Kanada oyunlara iki arena, Meksika isə üç şəhərlə ev sahibliyi edəcək.

