Azərbaycanda “More than medals” layihəsinin 10 illiyinə həsr olunmuş beynəlxalq təlim-məşq toplanışı keçirilib
Avqustun 3-dən 8-dək Azərbaycanda “More than medals” layihəsinin 10 illiyinə həsr olunmuş beynəlxalq təlim-məşq toplanışı təşkil edilib.
Tədbirdə 20 ölkədən 100-ə yaxın yeniyetmə güləşçi və nümayəndə iştirak edib. Toplanışın məqsədi gənc idmançıların yalnız peşəkar bacarıqlarını inkişaf etdirmək deyil, həm də onların sosial və şəxsi inkişafına, müxtəlif ölkələrdən olan həmyaşıdları ilə ünsiyyətinə və dostluq əlaqələrinin möhkəmlənməsinə dəstək göstərmək olub.
Beynəlxalq Olimpiya Komitəsi, Dünya Güləş Birliyi (UWW) və Azərbaycan Güləş Federasiyasının birgə təşkil etdiyi toplanışın əsas hissəsi Milli Gimnastika Arenasında və federasiyanın təlim-məşq bazasında keçirilib.
İştirakçılar birgə məşqlərdə iştirak edib, texniki və taktiki bacarıqlarını təkmilləşdiriblər.
Proqram çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mütəxəssisləri tərəfindən maarifləndirici seminar da təşkil olunub. Gənc idmançılara təmiz idman prinsipləri, antidopinq qaydaları və atletlərin məsuliyyəti barədə məlumat verilib.
Toplanış iştirakçıları dəniz sahilində çimərlik güləşi üzrə məşq keçirib, Bakının görməli yerlərini ziyarət edib və müxtəlif sosial tədbirlərdə iştirak ediblər.
“More than medals” layihəsi gənc güləşçilərin idman meydançasından kənarda da inkişafına, fərqli mədəniyyətlərdən olan iştirakçılar arasında dostluq və qarşılıqlı anlaşmanın gücləndirilməsinə yönəlib.



