Neft və maye təbii qazın (LNG) qiymətləri enerji daşıyıcılarının stabil tədarükü bərpa olunduqdan sonra ucuzlaşacaq. Bu barədə ABŞ energetika naziri Kris Rayt Fox News telekanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, tədarüklərin yenidən bərpası Hörmüz boğazının açılması ilə mümkün olacaq və bunun üçün ABŞ İran tərəfindən yaranan təhlükəni neytrallaşdırmalıdır.
“Biz İranın raket və pilotsuz aparatlarla zərbə endirmək imkanlarını əhəmiyyətli dərəcədə azaldırıq və bu proses yaxın günlərdə daha da sürətlənəcək. Buna görə ehtiyatlı davranacağıq, lakin enerji tədarükü tezliklə bərpa olunacaq”, — deyə Kris Rayt bildirib.
Onun sözlərinə görə, neft məhsulları, qaz və gübrə qiymətlərindəki kəskin artımdan narahat olmağa dəyməz, çünki bu artım qısamüddətlidir. Yaxın vaxtlarda Fars körfəzindən yeni tədarüklər gözlənilir.
Qeyd edək ki, 9 martda Brent markalı neftin qiyməti yenidən rekord həddə yüksəlib. Bir barel üçün qiymət 115 dolları keçərək 29 iyun 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Halbuki yanvar ayında Brent nefti təxminən 60 dollar səviyyəsində ticarət olunurdu.

