ABŞ Ticarət Nümayəndəliyinin rəhbəri Ceymison Qririn ofisinin yaydığı bəyanata əsasən, rüsumların həcmi ölkələrin məcburi əməklə istehsal olunan məhsulların idxalına qadağa tətbiq edib-etməməsindən asılı olacaq.
Rüsum dərəcələri Vaşinqtonun tələblərinin yerinə yetirilmə səviyyəsinə uyğun olaraq 10 faizdən 12,5 faizədək dəyişəcək.
Bəyanatda bildirilib ki, ABŞ 1974-cü il Ticarət Qanununun 301-ci bölməsi çərçivəsində məcburi əməklə istehsal olunan məhsulların idxalını qadağan etməyən və bu qadağanın icrasını effektiv təmin etməyən 60 dövlətə qarşı yekun tədbirlər görür.
Məcburi əməklə istehsal olunan məhsulların idxalını artıq qadağan etmiş 17 ölkə üçün minimum 10 faizlik rüsum tətbiq olunacaq. Bu ölkələr sırasına Böyük Britaniya, Hindistan, Kanada və Meksika daxildir.
Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya və İsveçrədən idxal edilən bəzi məhsullara 10–12,5 faiz, araşdırmanın digər iştirakçılarına isə 12,5 faiz rüsum tətbiq ediləcək.
Yeni tariflər cümə günü qüvvəyə minəcək və ABŞ Prezidenti Donald Tramp administrasiyasının fevral ayında tətbiq etdiyi müvəqqəti 10 faizlik qlobal rüsumu əvəz edəcək.

