Ağ Ev 40-dan çox ölkəni Çinə ABŞ gömrük rüsumlarından yayınmağa kömək etməkdə ittiham edib. Bu barədə ABŞ hökumətinin “Yüklərin böyük yenidən daşınma sxemi” adlı hesabatında bildirilir. Siyahıda Kanada, Meksika və Yaponiya da yer alıb.
Sənədə əsasən, Çin istehsalçıları və ticarət şirkətləri malları üçüncü ölkələrə göndərərək orada cüzi emal, yenidən markalanma və qablaşdırma həyata keçiriblər. Bundan sonra məhsullar ABŞ-a artıq Çin mənşəli deyilmiş kimi təqdim olunub.
Ağ Evin iddiasına görə, mallar əsasən ucuz işçi qüvvəsi, zəif gömrük nəzarəti, azad iqtisadi zonalar və ya ABŞ bazarına çıxışı olan ölkələrə yönləndirilib. Daha sonra minimal dəyişikliklərlə ABŞ-a ixrac edilib.
Amerika hakimiyyəti bu sxem nəticəsində illik itkiləri 19–26 milyard dollar həcmində qiymətləndirib. Hesabatda həmçinin ildə 75 milyard dollarlıq yükün bu üsulla daşınmasının ABŞ-da təxminən 450 min iş yerinin itirilməsinə səbəb ola biləcəyi qeyd olunub.
Ağ Evin ticarət və istehsal siyasəti idarəsinin rəhbəri Piter Navarro bildirib ki, Trampın rüsumları tətbiq etməsindən sonra Çin “son dərəcə mürəkkəb” yükdaşıma üsullarından istifadə etməyə başlayıb.

