Hindistanın Maharaştra ştatında kişi atasını öldürərək hadisəni pələng hücumu kimi təqdim etməyə çalışıb. Bu barədə Times of India məlumat yayıb.
Məlumata görə, Yoqeş Dhakate 65 yaşlı atası Devacini hamilə həyat yoldaşını müdafiə etmək məqsədilə öldürüb. Bildirilir ki, ata tez-tez gəlinini alçaldırdı. Yoqeş atasını gecə velosipedlə evə qayıdarkən yaxalayaraq baltayla qətlə yetirib.
Kişinin qalıqları dəmir yolu tunelinin yaxınlığında tapılıb. Şübhələri yayındırmaq üçün Yoqeş hadisəni pələng hücumu kimi qələmə verib və polisə, ailə üzvlərinə və yerli sakinlərə Devaciyə yırtıcının hücum etdiyini deyib. O, bu iddiasını həmin ərazidə bir müddət əvvəl pələnglərin iki qadını öldürməsi ilə əsaslandırmağa çalışıb.
Lakin bədəndəki yaralar və vəziyyət bunun insan tərəfindən törədildiyini göstərib.
Polis araşdırma zamanı izləri Yoqeşə qədər izləyib və onu saxlayıb. Bildirilir ki, Hindistan qanunlarına əsasən, yırtıcı hücumları nəticəsində ölənlərin ailələrinə kompensasiya verilir və şübhəli şəxs həm də bu vəsaiti əldə etməyi planlaşdırıb.
Hadisə ilə bağlı cinayət işi açılıb.

