Ukraynanın Dnepropetrovsk vilayətinin Pyatixatki şəhərinin meri, azərbaycanəsilli Hilal İsayev bıçaqlı hücuma məruz qalıb.
Ukrayna mətbuatının məlumatına görə, 61 yaşlı mer aldığı xəsarətlərlə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxs ərazidən qaçıb. Fermer olduğu bildirilən şübhəlinin axtarışları davam etdirilir.
Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, Hilal İsayev Lerik rayonunun Livədirqə kəndində anadan olub. O, Dnepr Dövlət Aqrar-İqtisad Universitetini bitirib, daha sonra “Kaspiy” özəl kənd təsərrüfatı müəssisəsinə rəhbərlik edib.
2015-ci ildə “Batkivşina” partiyasından Dnepropetrovsk vilayət şurasının deputatı seçilən İsayev 2019-cu ildə eyni partiyadan 9-cu çağırış Ali Radaya namizədliyini irəli sürüb, lakin seçilməyib.
O, 2020-ci ildən Pyatixatki şəhərinin meri vəzifəsində çalışır.

