ABŞ-da 3,7 milyard dollarlıq Medicare dələduzluğu işi üzrə əsas fiqurlardan biri olmaqda ittiham edilən İbrahim Haldun Hilmi Türkiyədə saxlanılaraq ABŞ-yə aparılıb.
Bu barədə FBI direktoru Kaş Patel sosial media hesabında açıqlama verib. O bildirib ki, Hilmi ABŞ tarixində ən böyük Medicare dələduzluğu işlərindən biri çərçivəsində ittiham olunur.
Patelin sözlərinə görə, Hilmi 2025-ci ilin mayından bəri axtarışda olub. O, FBI-ın Mayami ofisi, ABŞ Ədliyyə Nazirliyi və Türkiyədəki səlahiyyətli qurumların birgə əməliyyatı nəticəsində saxlanılıb.
FBI direktoru Hilminin Türkiyədə tutulduqdan sonra ekstradisiya prosesi ilə ABŞ-yə gətirildiyini və Mayamidə hakim qarşısına çıxarılacağını bildirib.

Patel əməliyyata görə Türkiyədəki təhlükəsizlik qurumlarına, FBI əməkdaşlarına və ABŞ Ədliyyə Nazirliyinə təşəkkür edib. O, həmçinin ABŞ-ın Ankaradakı səfiri Tom Barrakın prosesdə mühüm rol oynadığını vurğulayıb.
ABŞ vitse-prezidenti Cey Di Vens də açıqlamasında Hilminin 2025-ci ilin mayında Türkiyəyə qaçdığını, lakin ABŞ rəsmilərinin onu yenidən Mayamiyə qaytardığını bildirib.
Vens qeyd edib ki, “Amerika xalqından oğurluq edənlər üçün dünyanın heç bir yerində təhlükəsiz sığınacaq olmayacaq”.
FBI direktoru Kaş Patel bu əməliyyatı dələduzluqla mübarizədə mühüm uğur kimi qiymətləndirib və Tramp administrasiyasının vergi ödəyicilərinin pullarını mənimsəməkdə ittiham olunan şəxsləri harada olmalarından asılı olmayaraq ədalət qarşısına çıxarmaqda qərarlı olduğunu bildirib.

