ABŞ Federal Təhqiqat Bürosu (FTB) videooyunlar vasitəsilə zərərli proqram yayaraq istifadəçilərin kriptovalyutalarını oğurlamaqda şübhəli bilinən 21 yaşlı Florida sakinini saxlayıb.
Bu barədə StopGame məlumat yayıb. İstintaqın versiyasına görə, qrupun fəaliyyəti nəticəsində zərərçəkənlərə təxminən 220 min dollar ziyan dəyib.
FTB bildirir ki, şübhəli şəxs bir neçə ortağı ilə birlikdə təxminən iki il fəaliyyət göstərib. Bu müddətdə ən azı səkkiz oyuna zərərli kod yerləşdirilib.
İstifadəçilər oyunları quraşdırdıqdan sonra proqram onların hesab məlumatlarını toplayıb. Həmin məlumatlardan daha sonra kriptovalyuta pulqabılarına giriş əldə etmək üçün istifadə olunduğu iddia edilir.
İttiham sənədlərində “Steam” platformasının adı birbaşa çəkilməsə də, istintaqda göstərilən oyunların hamısı yaxın vaxtlaradək bu mağazada yayımlanıb. Zərərli proqram aşkarlanan oyunlar arasında Lunara, PirateFi, BlockBlasters və Lampy də var.
FTB-nin məlumatına görə, “Lampy” oyununa zərərli kod buraxılışdan sonra yayımlanan yeniləmələrdən biri vasitəsilə əlavə edilib.
Şübhəlilərin yoluxdurulmuş oyunları sosial şəbəkələrdə reklam etdikləri, həmçinin böyük həcmdə kriptovalyutaya sahib ola biləcək şəxsləri botlar vasitəsilə axtardıqları müəyyənləşdirilib.
İstintaqçılar ehtimal olunan təşkilatçının izinə oğurlanmış bitkoinlərin hərəkətini təhlil etdikdən sonra düşüblər. Kriptovalyutaların hədiyyə kartlarının alınmasına, həmin kartların isə əsasən “Uber Eats” sifarişlərinin ödənilməsinə sərf olunduğu bildirilib.
FTB oyun platforması üzərindən zərərli proqram yayılması ilə bağlı araşdırma başladığını açıqladıqdan sonra adıçəkilən bütün oyunlar ilin əvvəlində “Steam”dən silinib.

