Böyük Britaniyada bir qadın keçmiş ərinə sulfat turşusu ilə hücum edən narkotik şəbəkəsi üzvlərinə kömək etdiyinə görə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Evening Standard nəşrinin məlumatına görə, hadisə 2025-ci ilin fevralında Plimut şəhərində baş verib. İki nəfər gecə vaxtı 38 yaşlı Denni Kahalaynın evinə daxil olaraq, o yatdığı zaman üzərinə sulfat turşusu töküblər.
Ağır kimyəvi yanıqlar nəticəsində kişi bir gözünü itirib, dərisində geniş zədələr yaranıb və transplantasiya əməliyyatlarına ehtiyac duyub. Hücumdan 10 həftə sonra aldığı xəsarətlərlə əlaqəli ağciyər tromboemboliyası səbəbindən həyatını itirib.
İstintaq müəyyən edib ki, cinayətdə onun keçmiş həyat yoldaşı Peris Uilson da iştirak edib. Hücumun motivi Kahalaynın “Frost” ləqəbli narkotik taciri Rayan Kennediyə olan 120 min funt sterlinq borcu olub.
Uilsonun pul mükafatı və Türkiyədə istirahət xərclərinin ödənilməsi qarşılığında cinayətkarlarla əməkdaşlığa razılaşdığı bildirilib.
Qadın məhkəmədə sui-qəsddə iştirakını inkar etməsə də, ölüm nəticəsini gözləmədiyini deyib. Münsiflər heyəti onu təqsirli bilib və 9 il həbs cəzası verib.
Hücumun icraçısı Əbdülrəşid Adedoca və onun şəriki İzrael Avqust ömürlük həbs cəzasına məhkum ediliblər. Digər iştirakçı Ramarni Bakas isə 10 il həbs alıb.
Cinayətkar qrupun rəhbəri Rayan Kennedi axtarışa verilib. İstintaq onun Dubayda gizləndiyini ehtimal edir.

