Masallı rayon sakini C.Ağayev idarə etdiyi “VAZ-2101” markalı avtomobillə Astara rayonu ərazisində yerləşən stasionar postda Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri polis əməkdaşlarında şübhə doğurub. Bundan sonra onun tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinə nəticəsində C.Ağayevin narkotik maddə qəbul etdiyi və narkotik sərxoşluğu vəziyyətində avtomobil idarə etdiyi müəyyənləşib.
Məhkəmənin qərarı ilə sürücü 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdarlıq edib:
“Narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə etmək təkcə sürücünün özünün deyil, digər yol hərəkəti iştirakçılarının da həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.”
Qurum bildirib ki, bu cür hüquqazidd əməllərə yol verən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.

