Somalinin şərq sahillərində Kamerun bayrağı altında üzən “LUTUF” yük gəmisi piratlar tərəfindən ələ keçirilib.
Associated Press-in məlumatına görə, hadisə bazar ertəsi Marraya yaşayış məntəqəsindən təxminən 3,5 dəniz mili, yəni 6,5 kilometr aralıda baş verib.
“Polar Movement Shipping” şirkətinə məxsus gəminin göyərtəsində 10 ekipaj üzvü – 6 Hindistan, 2 Serbiya, 1 Türkiyə və 1 Gürcüstan vətəndaşı olub.
Məlumata görə, gəmi Türkiyə silahları, rabitə vasitələri və peyk avadanlığı daşıyıb. Yük Mogadişudakı Türkiyə hərbi təlim mərkəzi üçün nəzərdə tutulub.
Səkkiz silahlı pirat Nugaal bölgəsi sahillərində gəmiyə çıxaraq onu nəzarətə götürüb və sahilə doğru istiqamətləndirib.
Hadisədən sonra əraziyə iki Türkiyə yük gəmisi yaxınlaşıb, Türkiyəyə məxsus helikopter və pilotsuz uçuş aparatları isə vəziyyəti havadan izləyib.
Hazırda ekipajın və yükün vəziyyəti barədə dəqiq məlumat yoxdur.

