ABŞ prezidenti Donald Tramp bildirib ki, İran gəmisi Amerika blokadasını yarmağa cəhd edib.
Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Spruance esminesi Oman körfəzində TOUSKA adlı yük gəmisini saxlayıb və ekipaja dayanmaq barədə xəbərdarlıq edib. Gəmi bu tələbi yerinə yetirmədikdən sonra esmines mühərrik bölməsinə zərbə endirərək onu hərəkətsiz hala salıb.
Tramp qeyd edib ki, hazırda gəmi ABŞ dəniz piyadalarının nəzarəti altındadır.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) isə açıqlayıb ki, İran bayrağı altında üzən TOUSKA gəmisi Bəndər-Abbas limanına doğru hərəkət edirdi.
Gəmi altı saat ərzində çoxsaylı xəbərdarlıqları görməzlikdən gəldi, bundan sonra esmines tərəfindən mühərrik bölməsinə zərbələr endirildi.
Məlumata görə, daha sonra gəminin göyərtəsinə ABŞ dəniz piyadaları çıxarılıb.

