ABŞ-nin Alyaska ştatında dondurucu kameradan tapılan insan qalıqlarının kimliyi müəyyən edilib.
People nəşrinin məlumatına görə, meyit iyulun 19-da aşkarlanıb. Polis qalıqların Ross Paskuana məxsus olduğunu müəyyən edib. Kişinin bu ilin iyununda 74 yaşı tamam ola bilərdi.
Diqqətçəkən məqam odur ki, onun itkin düşməsi ilə bağlı heç kim polisə müraciət etməyib. Paskuanın tanışlarının ifadələri də bir-birindən fərqlənir: bəziləri onu sonuncu dəfə 4 il əvvəl, digərləri isə 10 il əvvəl gördüklərini deyiblər.
Məlumata görə, kişi alkoqol və narkotik asılılığından əziyyət çəkib.
Məhkəmə-tibbi ekspertiza zamanı meyitdə güllə və ya bıçaq yarası aşkar edilməyib. İstintaqçılar ölüm faktının maliyyə qazancı əldə etmək məqsədilə gizlədilmiş ola biləcəyini ehtimal edirlər.
Araşdırma davam edir.

