OpenAI öz çat-botu çərçivəsində səhiyyəyə yönəlmiş xüsusi məhsul — ChatGPT Health təqdim edib. Bu, tibbi mövzularda məsləhətlər üçün nəzərdə tutulmuş ayrı və izolyasiya olunmuş bölmədir. Əsas fərqləndirici cəhət — tibbi qeydlər və sağlamlığın izlənməsi üçün populyar tətbiqlərlə inteqrasiya imkanıdır.
Məhsulun istifadəyə verilməsi artan tələbatla əlaqələndirilir. Şirkətin məlumatına görə, həftəlik 230 milyondan çox istifadəçi ChatGPT-yə sağlamlıqla bağlı suallar ünvanlayır ki, bu da bütün sorğuların 5 faizindən çoxunu təşkil edir. Bu müraciətlərin 70 faizi isə tibb müəssisələrinin iş saatlarından kənar vaxtlara təsadüf edir.
Xidmət tam izolyasiya olunmuş mühitdə fəaliyyət göstərir: ChatGPT Health bölməsindəki məlumatlar modellərin təlimində istifadə edilmir və adi çatlara ötürülmür. Eyni zamanda əsas dialoqlardakı məlumatlar Health bölməsində nəzərə alına bilər, lakin əks istiqamətdə məlumat ötürülməsi istisna olunur. İstifadəçi sağlamlıq mövzusunu əsas çatda müzakirə etməyə başlayarsa, sistem onu qorunan Health bölməsinə keçməyə dəvət edir.
OpenAI vurğulayır ki, bu xidmət tibbi diaqnostika və ya müalicə aləti deyil. Məhsul üzərində iki il ərzində, 260-dan çox həkim-məsləhətçinin cəlb olunduğu komanda çalışıb.

