Böyük Britaniyanın Sasseks qraflığında sakinlər yerli çimərliklərdən birinin qəribə mənzərə aldığını görüblər: sahil ərazisi kartof fri və soğanla örtülüb. Bu barədə CNN məlumat yayıb, DenMedia.az xəbər verir.
Sahil mühafizəsinin açıqlamasına görə, buna səbəb La-Manş boğazında baş verən güclü fırtına zamanı yük gəmisindən 16 konteyner ərzaq və qablaşdırma materialının dənizə düşməsi olub.
Yerli sakin Coel Bonnici kartofla örtülmüş çimərliyi tropik adalardakı qızılı qumlarla müqayisə edib. Onun sözlərinə görə, kartofun qalınlığı bəzi yerlərdə 76 santimetrə çatır. O əlavə edib ki, çox sayda könüllü plastik torbaların təmizlənməsi üçün əraziyə axışıb.
Plastic Free Eastbourne ekoloji təşkilatından bildirilib ki, tülənlər və digər dəniz canlıları plastiki tez-tez qida ilə səhv salır, xüsusilə suda meduzaya bənzəyən plastik torbalar ciddi təhlükə yaradır.


