Hər ailədə günəşlə oyanan və digərləri hələ gözünü açmağa çalışarkən artıq qəhvə hazırlayan biri olur. Amma həqiqət budur ki, insanların çoxu “səhər insanı” deyil. Xüsusilə soyuq mövsümlərdə, qaranlıqda oyanmaq səhərləri daha da çətinləşdirir.
Yaxşı xəbər odur ki, səhərləri sevməsəniz belə, onları xeyli daha rahat etmək mümkündür. Bunun üçün həyatınızı kökündən dəyişməyə ehtiyac yoxdur — bir neçə sadə, amma effektiv vərdiş kifayətdir. Bu barədə The New York Times yazır.
Səhəri axşamdan başlayın
Yaxşı səhər əslində bir gün öncədən başlayır. Vaxtın idarə olunması üzrə mütəxəssislər təsdiqləyir ki, sabit yuxu rejimi sağlamlıq üçün əsas şərtlərdən biridir. Hər gün təxminən eyni saatda yatmaq və oyanmaq — maksimum 30 dəqiqə fərqlə — həm əhval-ruhiyyəni, həm də ürək və beyin funksiyalarını yaxşılaşdırır.
Səhər stressini azaltmaq üçün isə kiçik hazırlıq kifayətdir: geyiminizi əvvəlcədən hazırlayın, çantanızı qapının yanına qoyun, qəhvə aparatını proqramlaşdırın, hava proqnozuna baxın. Hətta telefondakı sadə xatırlatma belə səhərin tələsik və xaotik keçməsinin qarşısını ala bilər.
Özünüzü hələ yataqda ikən hazırlayın
Səhər həvəs olmadan oyanmaq normaldır. Amma bunu bir dəqiqəyə dəyişmək mümkündür. Yataqdan qalxmazdan əvvəl gününüzdən bir xoş anı təsəvvür edin — məsələn, ilk qəhvə qurtumu, isti duş və ya yaxın insanlarla görüş.
Bu üsul “proyeksiya” adlanır — beynin gələcəyi əvvəlcədən “yaşamaq” qabiliyyəti. Bu isə motivasiya mexanizmlərini aktivləşdirir və günü daha pozitiv başlayır.
Hərəkət edin və işıq tapın
Səhər bir neçə dəqiqəlik hərəkət belə əhvalı dəyişə bilər. Məsələn, sevdiyiniz musiqi ilə 3 dəqiqə rəqs etmək belə dopamin — enerji və motivasiya hormonu — səviyyəsini artırır.
Bundan da vacibi işıqdır. Orqanizmin “oyanması” üçün ən azı 20 dəqiqəlik parlaq səhər işığı lazımdır. Ən yaxşı variant qısa səhər gəzintisidir.
Özünüzə mikro fasilə verin
Səhərlər çox vaxt “tez ol” rejimində keçir. Amma bir neçə saniyəlik sakitlik belə vəziyyəti dəyişə bilər. Qısa “şüurlu anlar” yaradın — sadəcə mövcud olduğunuz, heç nə etmədiyiniz anlar.
Bu, bir fincan çayı sakitcə içmək, pəncərədən baxmaq və ya bir neçə dərin nəfəs almaq ola bilər. Bu kiçik fasilələr gərginliyi azaldır və günə nəzarəti qaytarır.
İdeal səhər hamıdan tez oyanmaq deyil — özünüzə qayğı göstərməkdir.

