Rasiondan şirniyyatın kəskin şəkildə çıxarılması ilk günlərdə beyində əsl “etiraz reaksiyası”, bədəndə isə halsızlıq və ağrılarla müşayiət oluna bilər. Bu barədə NEWS.ru-ya ailə nutrisioloqu Natalya Şiparyova bildirib.
Mütəxəssisin sözlərinə görə, bu vəziyyət insulin səviyyəsinin dəyişməsi və metabolizmin yenidən qurulması ilə bağlıdır. İlk günlərdə insanda əhvalın enməsi, zəiflik, narahatlıq və hətta baş ağrıları yarana bilər.
Şiparyova bildirib ki, şəkər dopaminin — həzz hormonunun ifrazını güclü şəkildə stimullaşdırır. Orqanizm adət etdiyi şəkər dozasını almadıqda beyində narahatlıq siqnalı işə düşür: əhval pisləşir, təşviş artır, aclıq hormonu qrelin yüksəlir, toxluq hormonu leptin isə azalır. Nəticədə insanda güclü iştaha yaranır.

Onun sözlərinə görə, mədəaltı vəzi əvvəlki vərdiş üzrə insulin ifraz etməyə davam etdikdə qlükoza səviyyəsi kəskin enə bilər. Bu isə zəiflik, əl titrəməsi və halsızlıq yaradır. İnsulin səviyyəsi azaldıqda böyrəklər natrium və su itirir, nəticədə susuzlaşma və baş ağrısı meydana çıxa bilər.
Nutrisioloq qeyd edib ki, bu proses zamanı ağızdan yüngül aseton qoxusu da gələ bilər. Bu, metabolizmin yağlardan enerji almağa keçməsi ilə əlaqələndirilir.
Şiparyovanın sözlərinə görə, ən çətin mərhələ ilk 72 saatdır. Bu dövrdən sonra orqanizm tədricən şirniyyatsız rasiona uyğunlaşmağa başlayır. Beşinci günə doğru dopamin reseptorları bərpa olunur, insulin səviyyəsi sabitləşir və düşüncə aydınlığı geri qayıdır.

Ekspert bu mərhələdə kifayət qədər su içməyi, rasionda zülal və sağlam yağlara üstünlük verməyi, həmçinin souslar və kolbasa məhsullarında gizli şəkərə diqqət etməyi tövsiyə edib.

