Ötən ildən qalan SPF vasitələri ultrabənövşəyi şüalardan və günəş yanıqlarından etibarlı şəkildə qorumaya bilər. Bu barədə kimya elmləri namizədi Andrey Doroxov RT-yə açıqlamasında bildirib.
Ekspert qeyd edib ki, günəşdən qoruyucu kremlərin tərkibində üzvi və mineral ultrabənövşəyi filtrlər olur.
Üzvi filtrlər işığın, oksigenin və yüksək temperaturun təsiri ilə tədricən parçalanır. Titan dioksid və sink oksid kimi mineral filtrlər daha davamlı olsa da, qoruyucu təsir kremin ümumi vəziyyətindən də asılıdır.
Uzun müddət saxlanıldıqda emulqatorlar və stabilizatorlar sıradan çıxa bilər. Bu zaman filtrlər dəri üzərində bərabər yayılmır və vahid qoruyucu qat yaratmır.

Doroxovun sözlərinə görə, günəşdən qoruyucu kremin yararlılıq müddətinə ən çox saxlanma şəraiti təsir edir. Yay aylarında kremlər çox vaxt çimərlikdə, qızmış avtomobildə və ya birbaşa günəş şüaları altında saxlanılır.
Yüksək temperatur kremin tərkibini pozur, qatılığını dəyişir və laylara ayrılmasına səbəb ola bilər. Nəticədə vasitə dəriyə düzgün yayılmır və onun faktiki qoruyuculuğu istehsalçının göstərdiyi səviyyəyə uyğun gəlmir.

