Payız aylarında havanın kəskin dəyişməsi orqanizmin yeni şəraitə uyğunlaşmasını çətinləşdirə və bəzi xəstəliklərin riskini artıra bilər.
RT-nin məlumatına görə, patofizioloq Sergey Stepanov bildirib ki, temperaturun aşağı düşməsi və rütubətin yüksəlməsi orqanizmin istilik itirməsini sürətləndirir. Nəticədə soyuqlama və respirator infeksiyalara yoluxma ehtimalı artır.
Mütəxəssisin sözlərinə görə, soyuq mövsümdə adenovirus, rinovirus, qrip və paraqripə daha tez-tez rast gəlinir. Boğaz ağrısı, öskürək, gözlərin sulanması və hərarətin yüksəlməsi bu infeksiyaların əsas əlamətləri sırasında yer alır.

Stepanov soyuqlamadan qorunmaq üçün ilk növbədə hava şəraitinə uyğun geyinməyi tövsiyə edib. İnsanların sıx olduğu məkanlarda maskadan istifadə də əlavə qorunma vasitəsi ola bilər.
Ekspert payızda qidalanmaya xüsusi diqqət yetirməyi, təzə meyvə-tərəvəzdən imtina etməməyi və birdən-birə fastfud və konservləşdirilmiş məhsullara üstünlük verməməyə çağırıb. Vitamin çatışmazlığı ehtimalına da diqqət yetirilməlidir.
Mütəxəssis immunomodulyator preparatları həkim məsləhəti olmadan qəbul etməməyi tövsiyə edib. Orqanizmin soyuğa uyğunlaşmasına kömək etmək üçün isə tədricən bərkimə üsullarından, məsələn, kontrast duşdan istifadə edilə biləcəyini bildirib.

