Tanınmış rusiyalı həkim Aleksandr Myasnikov polivitaminlərlə bağlı geniş yayılmış miflərə aydınlıq gətirib. O, çoxsaylı vitamin və qida əlavələri arasında sağlamlıq üçün həqiqətən vacib hesab etdiyi yalnız bir vitamini fərqləndirib.
Həkim Aleksandr Myasnikov öz proqramında bildirib ki, apteklər vitaminlər və bioloji aktiv əlavələrlə doludur, lakin onların böyük əksəriyyəti insan orqanizmi üçün zəruri deyil.
Onun fikrincə, əlavə kimi qəbul edilməsində məna olan əsas vitamin D vitaminidir.
Myasnikov vurğulayıb ki, D vitamini xüsusilə hamilə qadınlar, uşaqlar, yaşlı insanlar, vegeterianlar, həmçinin böyrək problemi və yağların sorulması ilə bağlı pozuntuları olan şəxslər üçün vacibdir.

Həkim xatırladıb ki, D vitamininin əsas mənbəyi günəş şüaları və bəzi qidalardır. Bu qidalara balıq və süd məhsulları daxildir. Əgər bu mənbələr kifayət etmirsə, xüsusi əlavələrin qəbulu nəzərdən keçirilə bilər.
Bununla belə, Myasnikov hər hansı əlavə qəbuluna başlamazdan əvvəl həkimlə məsləhətləşməyi və orqanizmdə D vitamini səviyyəsini müəyyən etmək üçün analiz verməyi tövsiyə edir. Bu, dozanın aşılmasının və sağlamlıq üçün mümkün mənfi nəticələrin qarşısını almağa kömək edə bilər.

