Yarımqaranlıq şəraitdə dərs oxumaq gözlərə düşən yükü və yorğunluğu artırır. Bu barədə NEWS.ru-ya oftalmoloq Yekaterina Sorokolad bildirib.
Həkimin sözlərinə görə, otaq yaxşı işıqlandırılsa belə, dərs masasında stolüstü lampanın olması vacibdir.
“Valideynlər məktəblilərin gicgah nahiyəsində ağırlıq hissi və hərflərin bulanıq görünməsi ilə bağlı şikayətlərini çox vaxt məktəblə əlaqələndirirlər. Halbuki buna əksər hallarda zəif işıqlandırma və yaxından işləyərkən qısa fasilələrin belə verilməməsi səbəb olur. Sanitariya normalarına görə, dərs oxunan yerdə işıqlandırma ən azı 300 lüks olmalıdır. Rospotrebnadzor da bildirir ki, otaqda yaxşı ümumi işıqlandırma və pəncərə olsa belə, masanın üzərində ayrıca işıq mənbəyi olmalıdır”, – Sorokolad deyib.
O qeyd edib ki, sağ əllə yazanlar üçün stolüstü lampa solda yerləşdirilməlidir. Əks halda əl yazının üzərinə kölgə salır. Solaxaylar üçün isə lampa sağ tərəfdə olmalıdır. Masada kompüter varsa, ekranda işıq əksinin yaranmaması üçün lampa bir qədər kənarda yerləşdirilməlidir.

Həkimin sözlərinə görə, gözlə dəftər arasındakı məsafəni dirsək qaydası ilə müəyyən etmək olar: məsafə dirsəkdən barmaqların ucunadək olan uzunluğa bərabər olmalıdır. Monitorla gözlər arasında isə 60–70 santimetr məsafə saxlanılmalıdır.
“Bu axşam uşağın otağındakı işıqlandırmanı yoxlayın: ümumi işığı yandırın, stolüstü lampanı əlavə edin, əlin dəftərin üzərinə kölgə salıb-salmadığına və ekranda işıq əksinin olub-olmadığına baxın. Normal işıqlandırmaya baxmayaraq uşaq yenə də gözlərini qıyırsa, dəftərə həddindən artıq yaxınlaşırsa və ya dərsdən sonra baş ağrısından şikayət edirsə, onu həkim müayinəsinə aparın. Yaxıngörməni tədris ilinin sonunda deyil, indidən aşkarlamaq daha yaxşıdır”, – oftalmoloq bildirib.

