Payızın gəlişi ilə ürək xəstəliklərinin kəskinləşməsinin səbəblərindən biri soyuq havanın təsiri ilə fiziki aktivliyin azalmasıdır. Bu barədə nevroloq Aleksey Mamatov “İzvestiya” nəşrinə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, payızda ürək-damar sistemi üçün ən gözlənilməz təhlükə bəzən soyuğun özü deyil, insanların soyuq hava səbəbindən həyat tərzini dəyişməsidir.
“Yayda insan hər gün çox gəzə bilər, lakin payızda demək olar ki, hərəkətsiz qalır. Nəticədə bir neçə həftə ərzində bütün qan dövranı sisteminin fəaliyyəti dəyişir”, – Mamatov bildirib.
Mütəxəssis payızda ürək-damar sistemi üçün digər təhlükənin qidalanma vərdişlərinin dəyişməsi olduğunu qeyd edib. Onun sözlərinə görə, bu mövsümdə insanların qida rasionunda duz, şəkər və qəhvənin miqdarı artır, eyni zamanda orqanizmdə su çatışmazlığı müşahidə olunur.

Bundan əlavə, iş yükünün artması ilə əlaqədar yaranan stress də payızda ürək-damar sisteminə əlavə yük salır.
Həkim bu risklərdən qorunmaq üçün dörd əsas qaydaya əməl etməyi tövsiyə edib: kifayət qədər fiziki aktiv olmaq, keyfiyyətli yuxu almaq, lazımi miqdarda su içmək və balanslı qidalanmaq.
Mamatov vurğulayıb ki, səhhətdə baş verən dəyişikliklər hər zaman yalnız payızın gəlişi ilə əlaqəli olmur.
“Bəzən insan həkimə ürəklə bağlı şikayətlə müraciət edir, lakin müayinə zamanı problemin daha geniş olduğu üzə çıxır. Damarların fəaliyyətində pozuntular, orqanizmdə müəyyən maddələrin çatışmazlığı, metabolik və ya hormonal dəyişikliklər aşkar edilir”, – mütəxəssis bildirib.

