Arizona Universitetinin Onkologiya Mərkəzinin tədqiqatçıları müəyyən ediblər ki, kişilərdə Y xromosomunun itirilməsi şiş əmələ gəlməzdən əvvəl də toxumalarda baş verə bilər və xərçəngin inkişafının erkən əlamətlərindən biri ola bilər.
Tədqiqatın nəticələri JCI Insight elmi jurnalında dərc olunub.
Adətən kişilərin hüceyrələrində bir X və bir Y xromosomu olur. Yaş artdıqca bəzi hüceyrələr Y xromosomunu itirə bilər. Bu genetik dəyişiklik xüsusilə qan hüceyrələrində tez-tez müşahidə edilir. Yeni araşdırma göstərib ki, oxşar proses müxtəlif orqanların toxumalarında da baş verir və normal hüceyrələrin xərçəng hüceyrələrinə çevrilməsi ilə əlaqəli ola bilər.
Alimlər 405 kişidən götürülmüş təxminən 1000 toxuma nümunəsini təhlil ediblər. Avtomatlaşdırılmış flüoressent görüntüləmə üsulundan istifadə etməklə 4,3 milyondan çox hüceyrə nüvəsini araşdırıb, X və Y xromosomlarının nisbətini müəyyənləşdiriblər.

Tədqiqatçılar xüsusilə şişlə birlikdə çıxarılmış sidik kisəsi toxumalarını ətraflı araşdırıblar. Məlum olub ki, zahirən normal görünən toxumadan ilkin patoloji dəyişikliklərə, daha sonra isə formalaşmış şişə keçid zamanı Y xromosomunu itirmiş hüceyrələrin sayı tədricən artır.
Toxuma sahəsi xərçəng şişinə nə qədər yaxın yerləşirsə, həmin sahədəki hüceyrələrdə Y xromosomunun itirilməsinə bir o qədər çox rast gəlinir.
Şişin yaxınlığında yerləşən və zahirən normal görünən toxumalarda Y xromosomunun ən çox itirilməsi yoğun və düz bağırsaq, qida borusu, mədəaltı vəzi və ağciyər xərçəngi zamanı qeydə alınıb.
Alimlərin sözlərinə görə, bu qanunauyğunluq xərçəngönü vəziyyətin mövcudluğuna işarə edə bilər. Belə hallarda toxuma hələ sağlam görünsə də, onun hüceyrələrində artıq şişin inkişafına şərait yaradan genetik dəyişikliklər baş verir.
Gələcəkdə bu əlamət həkimlərə biopsiya nümunələrini qiymətləndirmək və xərçəng riskinin yüksək olduğu toxuma sahələrini müəyyənləşdirmək üçün kömək edə bilər.
Tədqiqat qrupu daha əvvəl müəyyən etmişdi ki, xərçəng hüceyrələrində Y xromosomunun itirilməsi şişin immun sisteminin müdafiə reaksiyasından yayınmasına kömək edə bilər. Yeni araşdırma isə Y xromosomu ilə bağlı dəyişikliklərin xərçəng əmələ gəlməzdən əvvəl də baş verə biləcəyini göstərir.

