Qarğıdalı bir çoxları tərəfindən sadə qəlyanaltı və ya qarnir kimi qəbul edilir. Lakin onun adi dadının arxasında orqanizm üçün gözlənilməz faydalar dayanır. Məlum olub ki, bu dənli bitki görmə qabiliyyətinin qorunmasına və bağırsaqların fəaliyyətinin dəstəklənməsinə kömək edə bilər. Üstəlik, istilik emalı onun faydalı xüsusiyyətlərini azaltmaq əvəzinə, bəzi hallarda gücləndirə bilər.
Bu faydanın əsas sirri qarğıdalının tərkibindədir. Bir orta ölçülü qarğıdalı qıçası gündəlik qida lifi normasının təxminən 9 faizini təmin edir. Həll olunmayan lif təbii prebiyotik və bağırsaqlar üçün bir növ “fırça” rolunu oynayır: bağırsaq möhtəviyyatının həcmini artırır, faydalı mikrobiotanı qidalandırır və nəcisin müntəzəm olmasına kömək edir.
Sarı və narıncı qarğıdalı növləri karotinoidlərlə zəngindir. Bu maddələr dənlərin tərkibindəki bütün piqmentlərin 85 faizindən çoxunu təşkil edir. Karotinoidlər torlu qişanın mərkəzi hissəsi olan makulada toplanır, zərərli mavi işığı süzür və görmə qabiliyyətini yaşla bağlı dəyişikliklərdən qorumağa kömək edir.
Bu barədə NEWS.ru-ya M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin Farmakologiya kafedrasının müdiri, “Sağlam qidalanma” Elmi-Tədqiqat Mərkəzinin rəhbəri Oleq Medvedev danışıb.
Hətta istilik emalı da qarğıdalıya zərər vermir:

İstilik emalının təsiri ayrıca diqqət çəkir. 25 dəqiqə bişirildikdən sonra qarğıdalının ümumi antioksidant aktivliyi 44 faiz artır. İstilik emalı faydalı birləşmələri məhv etmir, əksinə, onların sərbəstləşməsinə kömək edir.
Lütein və zeaksantin yağda həll olunan maddələr olduğundan, onların daha yaxşı mənimsənilməsi üçün qarğıdalını avokado, zeytun yağı və ya qoz-fındıqla birlikdə yemək tövsiyə olunur.

Bundan başqa, qarğıdalının tərkibindəki nişasta bağırsaqlar üçün uzunmüddətli enerji mənbəyi rolunu oynayır. Qarğıdalı bişirildikdən və soyudulduqdan sonra karbohidratların bir hissəsi rezistent nişastaya çevrilir.

