Somnoloq Maykl A. Qrandner gecə yuxudan oyandıqdan sonra yenidən yatmağa kömək edə biləcək, ilk baxışdan məntiqsiz görünən üsulu açıqlayıb. O, bu faydalı üsulu Eating Well nəşrinə müsahibəsində bölüşüb.
Mütəxəssisin sözlərinə görə, gecənin ilk yarısında insanın bioloji yuxu ehtiyacı çox güclü olur. Lakin gecə saat 03:00-a yaxın bu ehtiyac zəifləməyə başlayır. İnsan həmin vaxt oyandıqdan sonra narahat düşüncələrə qapılarsa və ya telefondan istifadə etməyə başlayarsa, yenidən yuxuya getmək çətinləşə bilər.

Qrandner belə vəziyyətdə yataqda qalmağa çalışmaq əvəzinə ayağa qalxmağı və başqa otağa keçməyi tövsiyə edib.
“Zəif işıqlandırılmış bir yerə keçin və sakit bir işlə məşğul olun. Yenidən yuxunuz gələndə yatağa qayıdın”, — deyə mütəxəssis bildirib.
Onun sözlərinə görə, bu üsul insanın yatağı uzun müddət oyaq qalmaq, narahatlıq və həyəcanla deyil, məhz yuxu ilə əlaqələndirməsinə kömək edir.

