İsrailin Baş naziri Binyamin Netanyahu Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşmək üçün Əbu-Dabiyə gizli səfər edib. Times of Israel yazır ki, baş nazirin ofisi səfərlə bağlı əvvəlcədən heç bir açıqlama verməyib.
Məlumata görə, Netanyahu səfər üçün israilli iş adamına məxsus özəl təyyarədən istifadə edib. Həmin təyyarədən digər yüksək vəzifəli dövlət rəsmilərinin beynəlxalq səfərlərində də istifadə olunduğu bildirilir. Netanyahu BƏƏ-də bir neçə saat qalıb.
Səfər 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan əvvəl Netanyahuya mümkün təhlükə barədə xəbərdarlıq edildiyinə dair yayılan məlumatlar fonunda baş tutub. İddialara görə, Şeyx Məhəmməd bin Zayed Netanyahuya HƏMAS-ın mümkün hücumu barədə xəbərdarlıq edib, lakin bu məlumat İsrailin təhlükəsizlik strukturlarına ötürülməyib.
Netanyahu bu iddiaları ictimai şəkildə təkzib edib. BƏƏ tərəfi isə sözügedən xəbərdarlıqla bağlı məlumatı təsdiqləməyib.
Məsələ İsraildə geniş ictimai rezonans doğurub. Müxalifət nümayəndələri hökuməti yenidən səhlənkarlıqda ittiham edərək 7 oktyabr 2023-cü il hadisələrinin araşdırılması üçün dövlət komissiyasının yaradılmasını tələb ediblər.

