Bakının mərkəzi hissəsində avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı ərazilər genişləndiriləcək. Yeni qaydalar yalnız həftəsonları deyil, həftənin bütün günlərində qüvvədə olacaq.
Aidiyyəti qurumların məlumatına görə, qərar Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən mobilliyin artırılması, piyadaların rahatlığının təmin edilməsi və piyada hərəkətinin təşviqi məqsədilə qəbul olunub.
Məhdudiyyət Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsinə, həmçinin Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrinə şamil ediləcək.
Gözlənilir ki, dəyişikliklər piyada zonaları arasında əlaqəni yaxşılaşdıracaq, daha rahat və təhlükəsiz şəhər mühitinin yaradılmasına, eləcə də paytaxtın mərkəzinin turizm və biznes potensialının inkişafına töhfə verəcək.
Bununla yanaşı, fərdi parklanma talonu olan sakinlərin, eləcə də operativ, tibbi, kommunal və logistika xidmətlərinə məxsus nəqliyyat vasitələrinin əraziyə giriş-çıxışı təmin ediləcək.
Yeni qaydalar oktyabrın 5-dən test rejimində tətbiq olunmağa başlayacaq.

