ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyada ABŞ hərbi təyyarələrinin istifadə etdiyi Fairford aviabazası yaxınlığında 5 şübhəlinin “Partlayıcı maddələr haqqında qanunu pozmaq” ittihamı ilə saxlanılması ilə bağlı danışıb. Tramp baş verənlərlə əlaqədar “Böyük Britaniya ilə birlikdə əla iş gördük” deyib.
Tramp hava limanında jurnalistlərin suallarını cavablandırarkən Böyük Britaniyanın Qlosterşir bölgəsində yerləşən Fairford aviabazası yaxınlığındakı hadisəyə münasibət bildirib.
Beş şübhəlinin saxlanılmasını “əla” adlandıran Tramp deyib:
“Böyük Britaniya ilə birlikdə əla iş gördük. Onlarla bağlı araşdırmaya başlamışdıq.”
Tramp əlavə edib ki, saxlanılan şəxslər bazaya böyük ziyan vurmağı planlaşdırıblar, lakin Böyük Britaniya ilə əməkdaşlıq nəticəsində bunun qarşısı alınıb.
Böyük Britaniyanın Qlosterşir bölgəsində yerləşən Kral Hərbi Hava Qüvvələrinin (RAF) Fairford aviabazasına bitişik Whelford kəndində fövqəladə vəziyyət elan edilib.
Qlosterşir polis rəisinin müavini Riçard Okon bildirib ki, polis RAF Fairford istiqamətində hərəkət edən 3 şübhəli avtomobil barədə məlumat alıb. Bundan sonra keçirilən əməliyyat nəticəsində 5 nəfər saxlanılıb.
Okonun sözlərinə görə, “Partlayıcı maddələr haqqında qanunu pozmaq” şübhəsi ilə saxlanılan 5 kişinin barəsində araşdırma davam etdirilir. Təhlükəsizlik tədbirləri çərçivəsində kənddəki 85 ev təxliyə edilib.
Fairford bazasından İsrail və ABŞ-ın fevralın 28-də İrana qarşı hücumlara başlamasından sonra ABŞ ordusuna məxsus döyüş təyyarələrinin istifadə etdiyi bildirilir.
Böyük Britaniya bazanın ABŞ tərəfindən müdafiə məqsədilə istifadə olunduğunu bildirir. Bununla yanaşı, Chatham House kimi analitik mərkəzlər və bəzi müstəqil ekspertlər bazadan hücum əməliyyatları üçün də istifadə edildiyini iddia edirlər.

