Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində Rusiya və Azərbaycan vətəndaşları həlak olublar.
Bu barədə IHA agentliyi məlumat yayıb.
Hadisə zamanı qadınlar ictimai nəqliyyat dayanacağında olublar. Qəzaya uğrayan yük avtomobili aşaraq dayanacağın üzərinə düşüb.
Həlak olanların 20 yaşlı Rusiya vətəndaşı Arina Dautova və 23 yaşlı Azərbaycan vətəndaşı Alena Dovqaleva olduğu müəyyənləşdirilib.
Xilasedicilər aşmış yük avtomobilini dartıcı və ağır texnikanın köməyi ilə qaldırdıqdan sonra onun altından iki qadının meyitini aşkar ediblər. Hadisə yerinə jandarm əməkdaşları, məhkəmə-tibb eksperti və prokuror baxış keçirib. Daha sonra meyitlər Antalya Məhkəmə-Tibbi Ekspertiza İnstitutuna aparılıb.

Qəza sentyabrın 27-də, Bakı vaxtı ilə saat 20:00 radələrində Manavqat–Alanya avtomobil yolunda baş verib.
İlkin məlumata görə, Antalyadan Manavqat istiqamətində hərəkət edən yük avtomobili yolayrıcında yaşıl işığın yanmasını gözləyən avtomobillə toqquşub. Toqquşmadan sonra yük avtomobili aşaraq yol kənarındakı ictimai nəqliyyat dayanacağının üzərinə düşüb.
Yük avtomobilinin sürücüsü yüngül xəsarət alıb. Tibbi yardım göstərildikdən sonra o, prokurorluğun göstərişi ilə jandarm əməkdaşları tərəfindən saxlanılıb.
Qəzanın başvermə şəraiti araşdırılır.

