Hindistanda oğul milyonçu atasının qətlini təşkil etməkdə ittiham olunur. News9Live yazır ki, “Pharma Traders” topdansatış şirkətinin 63 yaşlı sahibi Vinit Minoça Kanpurdakı evində ölü tapılıb.
Məlumata görə, kişiyə bir neçə dəfə bıçaq zərbəsi endirilib. Hücum onun oğlu, gəlini və altı yaşlı nəvəsi şənlikdə olarkən baş verib.
Araşdırma zamanı milyonçuya Vişal Qautamın hücum etdiyi müəyyənləşdirilib. O, 12 il Vinit Minoçanın yanında elektrik kimi çalışıb, 2022-ci ildə isə oğurluğa görə işdən çıxarılıb. Qautam evə digər bir şəxslə birlikdə daxil olub.
Hər iki şəxs əvvəlcə cinayəti milyonçunun gəlini Şalunun sifarişi ilə törətdiklərini etiraf edib. Onların sözlərinə görə, qadın bunun müqabilində pul vəd edib və evin açarını onlara verib.
Sonradan isə qətlin əsl təşkilatçısının Minoçanın oğlu Subhat olduğu müəyyənləşdirilib. İstintaqın məlumatına görə, cinayətdən əvvəl o, Qautamla altı dəfə telefonla danışıb.
Subhat sentyabrın 23-də həbs edilib. Dindirmə zamanı o, cinayəti atasının başqa qadınlarla münasibətlərinə görə təşkil etdiyini bildirib. O, atasının həmin qadınlardan biri ilə evlənərək onu mirasdan məhrum edə biləcəyindən qorxduğunu deyib.
Bundan başqa, kişinin kredit borclarının olduğu, atasının ona verdiyi pulun isə həmin borcları ödəməyə kifayət etmədiyi bildirilir.

