Azərbaycanda son bir ay ərzində at arabalarının iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri nəticəsində bir nəfər ölüb, üç nəfər isə xəsarət alıb.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sentyabrın 22-də Cəlilabad rayonunda gecə saatlarında minik avtomobili ilə at arabası toqquşub. Hadisə nəticəsində arabada olan üç nəfər xəsarət alıb.
Sentyabrın 27-də Bərdə rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində isə at arabasını idarə edən kişi həyatını itirib.
DİN vurğulayıb ki, at arabalarının yollarda hərəkəti zamanı təhlükəsizlik tələblərinə laqeyd yanaşılması ağır nəticələrə səbəb ola bilər.
Mövcud qaydalara əsasən, ümumi istifadədə olan yollarda at arabalarını 14 yaşına çatmış şəxslər idarə edə bilərlər. At arabaları yolun sağ kənarına mümkün qədər yaxın olmaqla, ən sağ hərəkət zolağında bir sıra ilə hərəkət etməlidir.
Görünüşün məhdud olduğu şəraitdə həyətyanı ərazidən və ya ikinci dərəcəli yoldan əsas yola çıxarkən arabaçı heyvanı yüyənindən tutaraq aparmalıdır.
Bundan başqa, at arabaları işıqqaytarıcı qurğularla təchiz edilməli, onları idarə edən şəxslər svetoforların və nizamlayıcının siqnallarına, yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə əməl etməlidirlər.
Gecə vaxtı və görünüşün məhdud olduğu şəraitdə at arabalarının dəmir yolu keçidlərindən keçirilməsi qadağandır.
Baş Dövlət Yol Polisi İdarəsi at arabalarını idarə edən şəxsləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə, xüsusilə gecə saatlarında görünmə və təhlükəsizlik tələblərinə xüsusi diqqət yetirməyə çağırıb.

