Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları gömrük nəzarətindən gizlədilən külli miqdarda brilyantın qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısını alıblar.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Şarja–Bakı reysi ilə ölkəyə gələn Qazaxıstan vətəndaşı gömrük nəzarəti zonasını “Yaşıl dəhliz” vasitəsilə tərk etməyə cəhd edib.
Sərnişinin şübhəli davranışı gömrük əməkdaşlarının diqqətini çəkdiyindən o, yoxlama üçün “Qırmızı dəhliz”ə yönləndirilib.
Aparılan gömrük yoxlaması zamanı şəxsin üzərində gömrük orqanına bəyan edilməyən, ümumi çəkisi 2 502,524 karat olan brilyantlar aşkar edilib.
Aşkarlanan brilyantların dəyərinin 4 milyon manatdan çox olduğu qiymətləndirilir.

