Bakının Süleyman Sani Axundov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlə əlaqədar sentyabrın 29-dan 2, 3, 33, 41, 45, 71, 88, 93, 100, 108A, 108B, 123, 147, 179, 202 və 203 nömrəli müntəzəm marşrut avtobuslarının hərəkət sxemi dəyişdiriləcək.
41, 45, 71, 100, 108A, 108B, 123, 147, 179 və 203 nömrəli marşrutların hərəkəti İbrahimpaşa Dadaşov və Cəfər Xəndan küçələri, Azadlıq prospekti və Binəqədi şosesi ilə təşkil ediləcək.
2 nömrəli marşrutun “Dərnəgül” metro stansiyasından “Avtovağzal” metro stansiyası istiqamətində hərəkəti Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələri, Ziya Bünyadov prospekti ilə təşkil olunacaq. Əks istiqamətdə isə avtobuslar Əhməd Rəcəbli və Süleyman Sani Axundov küçələri ilə “Dərnəgül” metro stansiyasına hərəkət edəcəklər.
3 nömrəli marşrutun “Dərnəgül” metro stansiyası istiqamətində hərəkəti Cəfər Xəndan, Əhməd Rəcəbli və Süleyman Sani Axundov küçələri ilə təşkil olunacaq. Əks istiqamətdə avtobuslar Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələri, Ziya Bünyadov və Atatürk prospektləri ilə hərəkət edəcəklər.
33 nömrəli marşrut Əhməd Rəcəbli və Süleyman Sani Axundov küçələri, 88 nömrəli marşrut Cəfər Xəndan və Əhməd Rəcəbli küçələri, 93 nömrəli marşrut isə Şövkət Məmmədova, Cəfər Xəndan və Əhməd Rəcəbli küçələri ilə hərəkət edəcək. Hər üç marşrut “Dərnəgül” metro stansiyasınadək fəaliyyət göstərəcək.
202 nömrəli marşrutun Biləcəri qəsəbəsi istiqamətində hərəkəti Cəfər Xəndan küçəsi və Azadlıq prospekti ilə təşkil olunacaq.
Bundan başqa, 7-ci mikrorayondan “Dərnəgül” metro stansiyası istiqamətində sərnişinlərin daşınmasını təmin etmək üçün 3 nömrəli müntəzəm marşrutdan ödənişsiz avtobuslar ayrılacaq. Avtobuslar Abay Kunanbayev küçəsi (7-ci mikrorayon) – “Dərnəgül” metro stansiyası istiqamətində hərəkət edəcəklər.

