Bakıda Şah İsmayıl Xətainin abidəsinin postamentində əlavə yazının peyda olması ilə bağlı araşdırmaya başlanılıb.
Bu barədə Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, paytaxtın Xətai rayonunda yerləşən abidə 1993-cü ildə ucaldılıb. 2001-ci ildə Nazirlər Kabinetinin qərarı ilə abidə ölkə əhəmiyyətli monumental abidə kimi dövlət mühafizəsinə götürülüb.
Dövlət Xidmətindən vurğulanıb ki, dövlət tərəfindən qorunan abidələrin üzərinə onların tarixi, bədii və memarlıq xüsusiyyətləri ilə əlaqəsi olmayan əlavə yazıların vurulması, elementlərin yerləşdirilməsi və ya digər müdaxilələr yolverilməzdir. Bu cür dəyişikliklər abidənin bədii-estetik görünüşünü poza və onun tarixi-mədəni əhəmiyyətini təhrif edə bilər.
Hazırda qurum abidənin postamentindəki lövhədə həmin yazının hansı şəraitdə və nə vaxt yerləşdirildiyini araşdırır.
Məsələ aidiyyəti yerli icra hakimiyyəti orqanları, eləcə də Mədəniyyət Nazirliyi yanında Təsviri və Dekorativ-Tətbiqi Sənət Əsərləri üzrə Ekspert Komissiyası ilə birlikdə nəzərdən keçiriləcək.
Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə Şah İsmayıl Xətainin abidəsində rus dilində “Посвящается внуку Исмаилу Атакишиеву – Ибрагим Зейналов” yazısının olması müzakirələrə səbəb olub.



