Türkiyəli aktrisa Aslı Enver həyat yoldaşı Berkin Gökbudak və qızı Elayla birlikdə Çexiyanın paytaxtı Praqaya köçməyə hazırlaşır.
Ailənin köçməsinə səbəb Berkin Gökbudakın iş həyatındakı yeni vəzifəsidir. Əczaçılıq sektorunda yüksək vəzifədə çalışan Gökbudak 2026-cı ilin iyulundan Johnson & Johnson Innovative Medicine Czech Republic şirkətinin baş direktoru vəzifəsini icra edir.
Gökbudak sosial şəbəkədə paylaşım edərək təxminən üç il əvvəl Aslı Enverlə birlikdə Praqaya səfər etdiklərini bildirib. O, həmin vaxt şəhər haqqında “Bir gün bura bizim evimiz ola bilər” deyə düşündüyünü qeyd edib.
O dövrdə bu fikrin arxasında hər hansı konkret iş planının və ya fürsətin olmadığını bildirən Gökbudak, sonrakı illərdə şəraitin dəyişdiyini və artıq Praqanın ailənin yeni həyat mərkəzinə çevriləcəyini açıqlayıb.
17 ildən çox əczaçılıq sektoru təcrübəsinə malik Berkin Gökbudak karyerası ərzində müxtəlif ölkələrdə və regional vəzifələrdə çalışıb. O, bundan əvvəl Johnson & Johnson şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionunda kommersiya strategiyası üzrə yüksək vəzifə tutub, daha əvvəl isə Bayer və Alliance Healthcare şirkətlərində fəaliyyət göstərib.

Gökbudak paylaşımında həyat yoldaşı Aslı Enver və qızları Elayla birlikdə Praqaya köçəcəklərini bildirib. 2022-ci ildə ailə quran cütlüyün qızı 2023-cü ildə dünyaya gəlib.
Ailənin yaxın həftələrdə Praqaya tam köçməsi planlaşdırılır. Gökbudak yeni vəzifəsində Çexiyanın səhiyyə sistemi, xəstələrin və səhiyyə mütəxəssislərinin ehtiyaclarına diqqət yetirəcəyini bildirib.
Ailənin Praqaya köçmək qərarından sonra diqqətlər Aslı Enverin aktyorluq karyerasına da yönəlib. Aktrisanın fəaliyyətini Praqadan necə davam etdirəcəyi və Türkiyədəki layihələrinin bu qərardan necə təsirlənəcəyi isə hələlik məlum deyil.

