Yapon alimləri qara və yaşıl düyünün tərkibində qeyri-adi faydalı yağlar olduğunu və bu düyü növlərinin qanda şəkərin səviyyəsinə nəzarətə kömək edə biləcəyini müəyyən ediblər.
Bu barədə ScienceDaily yeni araşdırmaya istinadən məlumat yayıb. Tədqiqat Hokkaydo Universitetinin alimləri tərəfindən aparılıb.
Alimlər Yaponiyada yetişdirilən 56 düyü növünü, o cümlədən qəhvəyi, qırmızı, yaşıl və qara düyünü araşdırıblar. Nəticədə bəzi növlərin tərkibində əvvəllər düyüdə qeydə alınmayan faydalı lipidlər aşkarlanıb.

Araşdırmada xüsusilə qara və yaşıl düyünün göstəriciləri yüksək qiymətləndirilib. Bu düyü növlərindəki bəzi yağ birləşmələrinin iltihabın azalması və maddələr mübadiləsinin yaxşılaşması ilə əlaqəli ola biləcəyi qeyd olunur.
Alimlərin məlumatına görə, rəngli düyü növləri, xüsusilə qara düyü, adi ağ düyü ilə müqayisədə qanda şəkərin daha yavaş yüksəlməsi ilə əlaqələndirilib. Tədqiqatçılar bu xüsusiyyətlərin gələcəkdə diabet və digər metabolik xəstəliklərə yönəlmiş funksional qidaların hazırlanmasında istifadə oluna biləcəyini düşünürlər.

