Uzunmüddətli tənhalıq demensiya, ürək-damar xəstəlikləri və vaxtından əvvəl ölüm riskinin artması ilə əlaqələndirilir.
Bu barədə RİA Novosti agentliyinə Rusiyanın Piroqov Universitetinin Gerontologiya Elmi-Klinik Mərkəzinin direktoru, Rusiya Gerontoloqlar və Geriatrlar Assosiasiyasının prezidenti Olqa Tkaçova məlumat verib.
“Tənhalıq bir çox xəstəlik üçün risk faktorudur. Uzunmüddətli sosial təcrid demensiya, ürək-damar xəstəlikləri və hətta vaxtından əvvəl ölüm riskinin artması ilə əlaqəlidir”, – deyə mütəxəssis bildirib.
Onun sözlərinə görə, başqa insanlarla ünsiyyət qurmaq, ailə və ictimai həyatda iştirak etmək yaşlı insanların sağlamlığının qorunmasında mühüm rol oynayır.

Tkaçova qeyd edib ki, sosial əlaqələr fiziki aktivlik və düzgün qidalanma qədər sağlam uzunömürlülük üçün vacib amildir.
Amerikalı klinik psixoloq Robin Kozlovits isə tənhalıq hissini azaltmağa kömək edən sadə vərdişdən danışıb.
Mütəxəssisin fikrincə, bunun yollarından biri gündəlik həyatda qısa ünsiyyətlərə alışmaqdır.
O bildirib ki, belə ünsiyyətlər tənhalıq problemini tam həll etməsə də, insanın daha möhkəm sosial münasibətlər qurmasına kömək edə bilər.

