Zefir tərkibində yağ olmadığı üçün bəzi digər şirniyyatlarla müqayisədə daha faydalı seçim ola bilər. Lakin yüksək şəkər tərkibinə görə onun istehlakında diqqətli olmaq lazımdır.
Bu barədə RT Rusiyanın Keyfiyyətə Nəzarət Xidmətinin (“Roskaçestvo”) mətbuat xidmətinə istinadən məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, zefirin hazırlanmasında alma püresi mütləq istifadə olunan əsas inqrediyentlərdən biridir. Tərkibində yağın olmaması isə onu bir sıra digər desertlərdən fərqləndirir.

“Sadalanan üstünlüklərə baxmayaraq, zefir yüksək şəkər tərkibli desert olaraq qalır. Şəkərli diabetdən əziyyət çəkən şəxslərə onun istehlakı əks göstərişdir”, – deyə mütəxəssislər bildiriblər.
Qeyd olunub ki, keyfiyyətli zefir yumşaq konsistensiyaya, aydın formaya və kəsildikdə köpüyəbənzər quruluşa malik olmalıdır. Onun tərkibində şəkər kristalları hiss edilməməlidir.
Mütəxəssislər zefiri otaq temperaturunda, birbaşa günəş şüalarından və istilik mənbələrindən uzaqda saxlamağı məsləhət görüblər. Məhsulun polietilen paketdə saxlanılması tövsiyə olunur.

