Balın hər hansı unikal faydalı xüsusiyyətə malik olmadığı bildirilir. Üstəlik, bal qızdırıldıqda kanserogen təsirə malik maddələrə parçalanır. Bu barədə Gazeta.Ru-ya tibb elmləri namizədi, Piroqov Universitetinin Farmasiya və Tibbi Kimya İnstitutunun farmakologiya kafedrasının baş müəllimi Andrey Kondrakhin məlumat verib.
Həkim qeyd edib ki, isti çaya bal əlavə etmək faydalı deyil.
“Balın yüksək temperaturda kanserogen təsir göstərən maddələrə parçalandığını göstərən məlumatlar var. Bu, birbaşa xərçəngə səbəb olur demək deyil, amma prosesə öz töhfəsini verə bilər. Vitaminlərin əksəriyyəti dağılır və faktiki olaraq yalnız şəkər – fruktoza qalır”, — deyə ekspert Gazeta.Ru-ya açıqlamasında bildirib.
Mütəxəssis baldan istifadə zamanı şəkərli diabet xəstəliyi olan şəxslərə ehtiyatlı olmağı tövsiyə edib. Bununla belə, onun sözlərinə görə, bu xəstəlikdə də şəkər günün birinci yarısında, məqbul miqdarda qəbul edilə bilər.
“Ümumi şəkər miqdarını hesablamaq məsləhətdir. Amma aktiv idmanla məşğul olan insanlar üçün şəkər enerji kimi əzələlərdə yandırılır, yığılmır”, — deyə Kondraxin əlavə edib.
Ekspert vurğulayıb ki, balın xüsusi müalicəvi xüsusiyyətlərə malik olması mifdir və ona dərman kimi yox, adi qida məhsulu kimi yanaşmaq lazımdır.
“Arılar bal ilə müalicə olunmur — onu qış boyu sağ qalmaq üçün yeyirlər. İnsanlar üçün də bu, sürətli kalori mənbəyidir. Keçmişdə bal insanın əldə edə bildiyi yeganə şəkər növü idi”, — deyə o fikrini yekunlaşdırıb.

