Dietoloqlar yaşlandıqca sümüklərin möhkəmliyini qorumağa kömək edən ən faydalı qidaları sadalayıblar.
Mütəxəssislər Alissa Payk və Karli Sen-Loran Bosejur bu barədə Marta Stüartın saytına müsahibələrində danışıblar.
Onların sözlərinə görə, sümük sağlamlığı üçün ilk növbədə kalsiumla zəngin süd və yaşıl yarpaqlı tərəvəzlərdən istifadə etmək vacibdir. Xüsusilə brokoli, vəzəri, yarpaq xardalı və bok-çoy kalsium mənbəyi hesab olunur.
Dietoloqlar həmçinin maqneziumla zəngin balqabaq tumlarını tövsiyə ediblər. Bildirilib ki, təxminən 28 qram qovrulmuş balqabaq tumunda 156 milliqram maqnezium var. Bu da gündəlik normanın 37 faizinə bərabərdir.

Sümüklərin möhkəmliyini qorumaq üçün omeqa-3 yağ turşuları ilə zəngin balıqlar da faydalıdır. Xüsusilə konservləşdirilmiş sardina və qızılbalıq tövsiyə olunur. Sümükləri ilə birlikdə yeyilə bilən bu balıqlar əlavə kalsium mənbəyidir.
Mütəxəssislərin sözlərinə görə, həmin balıqların tərkibindəki zülal orqanizmdə kollagen istehsalını dəstəkləyərək sümük toxumasının möhkəmliyinin qorunmasına kömək edir.

