“Ulduz müharibələri” (“Star Wars”) filmində Dart Veyderin istifadə etdiyi məşhur işıq qılıncı hərracda 4,9 milyon dollara satılıb.
“Heritage Auctions” hərrac evinin məlumatına görə, qılıncdan “İmperiya cavab zərbəsi endirir” (1980) və “Cedayın qayıdışı” (1983) filmlərinin çəkilişlərində istifadə olunub.
Bu qılınc Dart Veyderin Lyuk Skayvokerə “Mən sənin atanam” dediyi məşhur səhnədə də yer alıb.

Satış “Ulduz müharibələri” franşizasına aid kolleksiya əşyaları və çəkiliş rekvizitləri arasında yeni qiymət rekordu müəyyənləşdirib.
Bundan əvvəlki rekord iyul ayında Lyuk Skayvokerin işıq qılıncı və filmdə onun əlinin kəsilməsi səhnəsi üçün hazırlanmış rekvizitin 3,75 milyon dollara satılması ilə qeydə alınıb.
Son hərracda kino dünyasının məşhur silsiləsinə aid ümumilikdə 28 işıq qılıncı, həmçinin digər film və seriallardan müxtəlif əşyalar satışa çıxarılıb.

