Türkiyəli aktrisa Farah Zeynep Abdullah məşhur aktyor və rejissor Yılmaz Güneyi tənqid etdiyi üçün illərdir təhdid olunduğunu bildirib.
Fatih Altaylının “YouTube” proqramına qonaq olan aktrisa vaxtilə Yılmaz Güney haqqında yazdığı paylaşımın hələ də ona problem yaratdığını deyib.
Abdullah həmin paylaşımında Güneyin qadınlara qarşı zorakılığını tənqid edərək “Hə, bir də qadınları ən yaxşı döyən!” ifadəsini işlədib.
“Belə bir mövzunun toxunulmaz hesab edildiyini bilmirdim. O vaxtdan mənə hücum edirlər, hələ də təhqir və təhdidlər alıram”, – deyə aktrisa bildirib.
O, Yılmaz Güneyi müdafiə edən bəzi şəxslərin özünün də zorakılığa əl atmasını ziddiyyətli hesab edib.
“Məni təhdid edənlər özlərini daha yaxşı insan haqları müdafiəçisi hesab edirlər?” – deyə Abdullah sual edib.

Aktrisa həmçinin bildirib ki, hər kəsin məşhur bir şəxsi sevməməyə və onun yaradıcılığını bəyənməməyə haqqı var.
“Mənim bir insanı sevməmək haqqım yoxdur? Yaxud onun filmlərini bəyənməyə bilərəm. İstəyir 35 dəfə ‘Qızıl palma budağı’ mükafatı qazansın”, – deyə o, fikrini ifadə edib.
Abdullah heç bir sənətçinin bu qədər toxunulmaz hesab edilməsini anlamadığını vurğulayıb.

