ABŞ-nin vitse-prezidenti Cey Di Vens 2028-ci il prezident seçkilərində namizəd olub-olmayacağına hələ qərar verməyib.
“Axios” portalının məlumatına görə, Vens yekun qərarını Yeni ildən əvvəl verməyi planlaşdırmır. Onun prezidentlik planları barədə ictimaiyyətə yalnız gələn ilin yazının sonunda məlumat verə biləcəyi bildirilir.
Vens hazırda prezidentliyə namizədliyini irəli sürmək məsələsini ailəsi ilə müzakirə edir. Yaxın siyasi məsləhətçiləri isə onun seçkilərdə iştirak etməsini istəyirlər.
Bununla yanaşı, Respublikaçılar Partiyasından başqa siyasətçilər də prezidentlik uğrunda mübarizəyə qoşulmağı nəzərdən keçirirlər.
Onların arasında ABŞ dövlət katibi Marko Rubio, senator Ted Kruz, Florida qubernatoru Ron DeSantis, Corciya qubernatoru Brayan Kemp və Virciniyanın keçmiş qubernatoru Qlenn Yanqkin də var.
Daha əvvəl Prezident Donald Tramp Vens və Rubionu Respublikaçılar Partiyası üçün ideal komanda adlandırıb. Lakin noyabrda o, 2028-ci il seçkilərini hələ müşavirləri ilə müzakirə etmədiyini bildirib.

