Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. Məhdudiyyətlər bankları, şirkətləri və Rusiyanın neft daşımalarında istifadə etdiyi “kölgə donanması” ilə əlaqəli qurumları əhatə edəcək.
Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas “X” sosial şəbəkəsində məlumat verib.
“Bazar ertəsi Aİ xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyaları, o cümlədən banklara, alıcılara və ‘kölgə donanması’na dəstək verən şirkətlərə qarşı məhdudiyyətləri təsdiqləməlidirlər”, – deyə Kallas bildirib.
O, həmçinin noyabrın 13-də Aralıq dənizində Rusiya ilə əlaqəli olduğu iddia edilən “MV MIDAG” gəmisinin yoxlanıldığını qeyd edib.
Kallasın sözlərinə görə, Aİ-nin EUNAVFOR MED IRINI dəniz əməliyyatında iştirak edən hərbçilər gəmiyə qalxıblar. Onun iddiasına əsasən, tanker başqa ölkənin bayrağı altında üzürmüş.
Aİ rəsmisi yoxlamanın BMT-nin Dəniz Hüququ Konvensiyasının 110-cu maddəsinə uyğun aparıldığını bildirib.

