Beşbarmaq ərazisində qədim karvansara aşkar edilib. Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. Bildirilib ki, tapıntı elmi baxımdan mühüm əhəmiyyət daşıyır və ərazidə aparılacaq növbəti araşdırmalar üçün ciddi zəmin yaradır. Qazıntıların 2026-cı ildə davam etdirilməsi planlaşdırılır.

Beşbarmaq arxeoloji ekspedisiyasının rəhbəri Səfər Aşurovun sözlərinə görə, Beşbarmaq qalasının ikinci terrasasında erkən tunc dövrünə aid Kür–Araz mədəniyyətinə məxsus mədəni təbəqələr üzə çıxarılıb.
Uzunmüddətli axtarışlardan sonra orta əsr səyyahlarının qeydlərində adı çəkilən karvansaranın dəqiq yeri müəyyən edilib.

“İlkin qazıntılar binanın planını və çoxsaylı maddi mədəniyyət nümunələrini üzə çıxardı. Tikilinin planının XVII əsr səyyahı Adam Olearinin təsvirləri ilə üst-üstə düşməsi, həmçinin sikkələr, müştüklər və dəyirman daşlarının tapılması bunun məhz karvansara olduğunu təsdiqləyir”, — deyə Səfər Aşurov bildirib.

