Coan Roulinqin “Harri Potter və fəlsəfə daşı” romanının 1997-ci ildə 4,99 funt sterlinqə satılan ilk nəşri İngiltərədə hərracda 17 min funt sterlinqə satılıb. Bu barədə The Mirror məlumat yayıb.
Yumşaq üzlüklü nüsxə Edinburqdan olan kitab rəyçisi Katrina Maknikola məxsus olub. O, həmin kitabı 24 yaşında bukinist mağazasından alıb, lakin oxumağa macal tapmayıb. Tamamilə yeni vəziyyətdə olan kitab qutuya qoyulub və təxminən 30 il çardaqda qalıb.
Nadir kitabların satışını keçirən Hansons hərrac evi bu nüsxəni “son dərəcə nadir” və demək olar ki, yeni vəziyyətdə olan kitab kimi qiymətləndirib.
Məlumata görə, “Harri Potter və fəlsəfə daşı” ilk dəfə nəşr olunanda Bloomsbury Publishing kitaba tələbatın məhdud olacağını düşünmüşdü. Buna görə cəmi 500 sərt üzlüklü və 5 mindən bir qədər çox yumşaq üzlüklü nüsxə çap edilmişdi.
Məhz bu səbəbdən ilk nəşrlər kolleksiyaçılar üçün ən arzuolunan müasir kitablardan birinə çevrilib. İlk nəşri fərqləndirən əsas detallardan biri arxa üz qabığında iki səhvin olmasıdır: “Philosopher’s” sözündə ikinci “o” hərfi buraxılıb.
2017-ci ildə Roulinq tərəfindən imzalanmış ilk nəşr Londonda Bonhams hərrac evində rekord qiymətə — 106 min funt sterlinqə satılmışdı.
Britaniyalı yazıçının yeddi kitabdan ibarət seriyası 1997-2007-ci illərdə nəşr olunub. Əsərlər 80-dən çox dilə tərcümə edilib, ümumi tiraj isə 500 milyon nüsxəni keçib. Bu kitablar əsasında 10-dan çox film çəkilib.

